Ça. İyn 22nd, 2021

“Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır.

Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

Deputat qeyd edib ki, bu gün ölkəmizdə gənclərin sosial müdafiəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi ilə bağlı həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamıdır.

Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral – Gənclər Günü də gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev gəncliyə böyük ümid bəsləyib, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan, “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”, deyən Ulu Öndər Azərbaycan gəncliyinə xitabən deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.