Ca. Avq 5th, 2021

“Təəssüratlar əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm. Bəlkə daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir”, – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər: “Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri dəvət edirik, diplomatik korpusun nümayəndələrini. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.