Bz. İyn 20th, 2021

“Əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Televiziyasının “Cənab Prezident, yəqin ki, bu xəstəxananın açılışının məhz pandemiya dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam edir. İndiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətəndirirsiniz?” – sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib ki, çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək: “Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək – insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu”.