Ça. İyn 22nd, 2021

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun zəfər yürüşü, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi.

Buni Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanıb, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar.

Bu gün gənclərin önündə böyük qapılar, yollar açılıb. İctimai həyatın bütün sahələrində kifayət qədər fəal olan Azərbaycan gəncliyi bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər. 2020-ci ilin ölkəmizdə Prezidentimiz İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verdi. Gənclərin sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsində “Könüllülər ili”nin də öz payı oldu.