Şb. İyl 24th, 2021

Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistan Respublikasına göndərilməsi, bu fəaliyyəti həyata keçirən şirkətlərin guya Dövlət Gömrük Komitəsi tərəfindən himayə olunduğuna dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, yayılan məlumatlar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədi daşıyır.

Əslində gömrük orqanların bu qəbildən olan faktlarla bağlı araşdırma aparır və indiyə qədər onlarla sürücü haqqında araşdırma aparılaraq inzibati icraat tədbirlərinə başlanılıb.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında cari ilin yanvar ayının 12-də Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə aparılan araşdırma zamanı Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan İran İslam Respublikasından Türkmənistan Respublikasına kartof yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü-İran İslam Respublikası vətəndaşının təqdim etdiyi nəqliyyat sənədi və fitosanitar sertifikatı gömrükçülərdə şübhə yaradıb. Aparılan araşdırmalar zamanı gömrük orqanına təqdim edilən məlumatların doğru olmadığı, yəni həmin yükün sənədlərdən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirildiyi məlum olub.

Araşdırmaların davamında təhqiqatçılar daha 22 nəqliyyat vasitəsində daşınan meyvə-tərəvəz yüklərinin də gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə daşındıqlarını aşkar edib və ümumilikdə 23 sürücü barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.
Bundan əlavə qeyd edilən marşrut üzrə göndərilən yüklər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu vasitəsi ilə yola salındığından həmin Baş İdarə tərəfindən də aparılan araşdırma zamanı bu qəbildən olan malları gömrük sərhədindən faktiki keçirən daha 16 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.