Ca. İyn 24th, 2021

Gəncə Ağır Cinayətlər Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçitilib. təqsirləndirilən şəxslər – Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmənin baxış iclasının vaxtı müəyyən edilib. Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən iclasda iş üzrə məhkəmə baxışı fevralın 12-nə təyin edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə. DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.