Ca. Avq 5th, 2021

Fərmanlar

Fev 2, 2021

02 fevral 2021, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2021-ci il.