Be. İyn 21st, 2021

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.

Trend xəbər verir ki, nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” tədqiqatının nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronovirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.

Tədqiqata görə, ilk iki yerdə Vyetnam və Cənubi Koreya qərarlaşıb – bu ölkələrdə əhalinin 90-100 faizi hökumətin tədbirlərindən razıdır. Hindistan və Azərbaycanda isə rəyi soruşulanların 86 faizi bu məsələdə hökumətə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib.