C. İyn 18th, 2021

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün KTMT-nin Baş katibi Stanislav Zas təşkilatın 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. “KTMT-nin bu məsələ ilə bağlı mövqeyi dəfələrlə səsləndirilib. Biz əvvəlcədən hərbi əməliyyatların dayandırılmasının və bu regiondakı mövcud problemlərin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış etdik. Bu mövqe dəyişməyib. KTMT-nin bu vəziyyətə müdaxilə etməməsinə gəlincə, fikirləşmək lazım deyil ki, bizim təşkilat yalnız atəşin dayandırılması və masa arxasına keçilməsi tələbi ilə bağlı bəyanatlar verməklə kifayətlənir. Xeyr, bu belə deyil. Başa düşmək lazımdır ki, bizim müqavilə bazamız var, harada ki, təhlükəsizliklə əlaqədar KTMT-nin bu və ya digər dövlətə yardımı ilə bağlı dəqiq yazılıb. Müqavilənin 4-cü maddəsində bu barədə dəqiq qeyd olunub ki, KTMT üzvü olan ölkəyə hücum, aqressiya, onun suverenliyinə, ərazi bütövlüyünə təhlükə olan zaman həmin ölkənin müraciəti əsasında ona hərtərəfli hərbi yardım göstərilir. Bu hadisədə Ermənistan tərəfindən KTMT-nin hərbi yardım göstərməsi ilə bağlı heç bir müraciət olmayıb. Ona görə də biz bu mexanizmi işə salmadıq və baxmadıq”, – deyə S. Zas qeyd edib.

KTMT-nin Baş katibi Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatı alqışladığını da vurğulayıb: “Hesab edirik ki, hazırkı vəziyyət Qarabağ probleminin sülh yolu ilə tam həllinə şərait yaradır”.