Be. İyn 21st, 2021

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə. DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

29 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar Gömrük avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu yaşıl rəngli Mersedes markalı 10-SU-801 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülüb.