Bz. İyn 20th, 2021

Norm Sement zavodu xammal emalından son məhsulun qablaşdırılmasınadək bir çox dünya ölkələrində istehsal edilən və ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Dünyanın pandemiya ilə mübarizə apardığı müddətdə resurslardan daha səmərəli istifadə, istehsal gücünü artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə zavod ərazisində yeni müasir texnoloji avadanlıqlar quraşdırılıb.

Məlumdur ki, Norm Sement zavodunda paketləmə qurğuları Almaniyanın ən nüfuzlu şirkətlərindən olan Beumer Group istehsalıdır. Rəqəmsallaşdırma və Beumer Group heyətinin 4000 km məsafədən peşəkar idarəetməsi sayəsində zavodda yeni quraşdırılan kompleks paketləmə xətti isə artıq istismara verilib.

Paketləmə xətti iki ədəd daşıma qurğusundan, paletləmə və paketləmə qurğularından ibarətdir. Alman peşəkarlarının tövsiyəsi ilə yeni quraşdırılan Beumer streç başlıqları əvvəlcədən sınaqdan keçirilmiş material ilə təchiz olunub. Bu isə istifadə zamanı bütün mümkün xətaların aradan qaldırılmasına şərait yaradıb.

Uzaqdan idarəetmə zamanı tətbiq edilən Smart məlumat gözlükləri vasitəsilə kilometrlərlə uzaqda çalışan Beumer komandası və zavod ərazisində fəaliyyət göstərən Norm mütəxəssisləri eyni görüntünü izləyə və prosesin davamında görüləcək tədbirləri müəyyənləşdirə biliblər. Beləliklə, ən müasir texnologiyanın tətbiqi və yüksək ixtisaslı komandaların birgə işi sayəsində paketləmə xəttinin tam şəkildə istismara verilməsinə nail olunub.