Bz. İyn 20th, 2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, Astara və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Həyata keçirilən başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.

Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.