Be. İyn 21st, 2021

Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısı rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.