Şb. İyn 19th, 2021

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyə bilər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni – 7-1-ci maddə əlavə edilməsi təklif olunur.

Layihəyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilməyəcək.

Qeyd edək ki, 327.6-cı maddə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə edilməsini nəzərdə tutur. 

Bu dəyişiklik avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.