Ça. İyn 22nd, 2021

Ermənilər Qubadlıdan geri çəkilərkən körpünü dağıdıb avtomobilin keçmə ehtimalı olan yerlərdə çayın içində minalar basdırmışdılar. Lakin komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlar aşkarlandı və zərərsizləşdirildi.

Bunu Trend-ə müsahibəsində Vətən müharibəsi iştirakçısı Seymur Əli oğlu Mənsimov dedi.

O, bank mütəxəssisidir, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Rütbəsi əsgər olsa da üzərində çox məsuliyyətli bir vəzifə olub – Artilleriya bölüyündə topçu – baş tuşlayıcı. Düşmənin bir hərbi hissəsinin və onlarla hərbi obyektinin darmadağın edilməsində birbaşa iştirak edib.