Şb. İyn 19th, 2021

“Hesab edirəm ki, bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxana tikintisi proqramının icrasının davam etdirilib-etdirilməyəcəyinə dair suala cavabında deyib.

Prezident bildirib ki, son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib: “Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq”.

Dövlət başçısı qeyd edib ki, səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi: ”Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi”.

Prezident deyib ki, bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir: “Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, – bəlkə də daha çox, indi hamısını xatırlamıram, – xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı – ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır”.