Ça. İyn 22nd, 2021

BAŞ REDAKTORDAN

İyn 10, 2021

Əziz oxucular!

 

Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana təqdim edilməməsi bu ölkənin nə qədər mənfur, çirkin niyyətə xidmət etdiyini bir daha göstərir.  10 noyabr bəyanatından sonra bu hallar davamlı baş verir və artıq 30 nəfər vətəndaşımız mina terrorunun qurbanı olub, onlarla vətəndaşımız sağlamlıqlarını itiriblər. Görünür, bitmiş müharibəni minalarla yenidən sərhədlərimizin daxilinə daşıyanlar, böyük qayıdış çərçivəsində sakinlərimizin ayaqlarının altına mina döşəyənlər hələ də  44 günlük müharibənin acı dərslərindən sonadək nəticə çıxara bilməyiblər. Əlbəttə ki, baş verən hər bir qanlı hadisəyə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır və unutmasınlar ki, gec-tez onlar öz layiqli cəzalarını alacaqlar.

Bir müddət öncə işğaldan azad edilmiş Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, yolların minalanmasına yönəlmiş təxribat törədən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, habelə 4 nəfər şəxsin yaralanması artıq Azərbaycan cəmiyyətinin əsəblərini tarıma çəkir.

İlk öncə şəxsən öz adımdan və “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından mənfur Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş növbəti hərbi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalmış vətəndaşlarımızın ailə üzvlərinə başsağlığı verir və səbr diləyir, yaralananların isə tezliklə sağalması üçün tanrıya dua edirik.

Bu, Ermənistan tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərimizə qarşı törədilən növbəti terror aktıdır. Əfsuslar olsun ki, Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsinin ölkəmiz tərəfindən davamlı şəkildə beynəlxalq müstəvidə qaldırıldığına və Ermənistanın məqsədinin Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq kimi məkrli planlarını tutarlı faktlarla sübut edildiyinə baxmayaraq dünya dövlətləri və beynəlxalq ictimaiyyət hələ də susur.

Ermənistanın terror və faşist dövləti olması heç kimə sirr deyil. Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.

Hesab edirik ki, bu gün daha da sərt şəkildə konkret hədəfə ünvanlanmış mesajlar verilməli, qətiyyətlə Ermənistanın siyasi hakimiyyətindən mina terroruna son qoyulması ilə bağlı təzyiq edilməlidir. 10 noyabr bəyanatına əsasən, xüsusilə Rusiya bu məsələdə aktiv olmalı,  qətiyyətli mövqe nümayiş etdirməlidir. Eləcə də ABŞ, Rusiya, Fransa kimi dövlətlər, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu məsələdə qətiyyətli mövqe sərgiləməli, mina xəritələrinin Azərbaycana təqdim olunması ilə bağlı Ermənistana təzyiq etməlidirlər.

“Azərbaycanım” beynəlxalq jurnalı bir Azərbaycan mediası olaraq terror və faşist dövləti olan Ermənistanın bu hərəkətlərini qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırır.

 

Emil NƏSİRLİ,

Baş redaktor